EMİLİYA İZZET:İlahi, sən fil yükün verməzsən qarışqaya

İlahi, sən fil yükün verməzsən qarışqaya,
Dərdimi hesabladım, mən bir qarış, o qaya,
Bu yay yığdığım sevinc gedib çatmır o yaya.
Qışın astanasında düşürəm əl ayağa
Arxamda dağ sandığım dönür sinəmdə dağa.

Ataların dediyi üçdən çıxıb dörd olub,
Mərd görünən neçəsi özündə namərd olub,
Dünyanın ədaləti ürəyimə dərd olub,
Bir bəhanə gəzirəm oturub ağlamağa,
Dünya, qapın qalmadı üzümə bağlamağa.

**

Köksümdə açdığın sevda yaramı
Hər dəfə təzədən qanatmadınmı?
Mənim gözlərimdə öz məzarını
Özün öz əlinlə yaratmadınmı?

Limandan gedibmiş o gəmi çoxdan
De necə var edim sevgini yoxdan?
Məni bu yalançı, saxta yuxudan
Acı sözlərinlə oyatmadınmı?

Artıq yola saldım könlümdən səni,
Daha gözləmirəm dönüb gəlməni.
Özündən, sevgindən küsdürüb məni
Gözlər görə-görə ağlatmadınmı?

Söylə necə qalım sənin yanında?
Bu dəfə sən ağla eşq məzarında.
Mənim taleyimin ağ kitabında
Ömrümü-günümü qaraltmadınmı?
**
Bir tufan sən tərəfdən yol aldı mənə sarı,
Mənim səndə qalmışdı qəlb evimin açarı,
Gəzdim, tapa bilmədim, sənə çıxan yolları.
Həmin gün Xəzər daşıb sahili təmizlədi,
Mələklər ürəyimi əllərində gizlədi.

Varlığınla mənimçün dağ boyda adam idin,
Qiyamətmi qopdu ki gözlərimdə əridin?
Sən ilahi neməti əlinlə bada verdin,
Allah da gözüyaşlı o gün bizi izlədi,
Rəhmə gələrək məni şeytan da əzizlədi.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir