Qınanıram..
Mən nələr edirdim, sən nə edirdin,
Sanki can atırdın sevgimiz ölə.
Haqqını yeməyək, qəşəng gedirdin,
Getmək hər adama yaraşmır belə.
Sevgilim, getməkdə sən hansı ara
Öyrəndin bu qədər mükəmməlliyi?
Bacarsan bir az da get uzaqlara,
Qoy hələ seyr edim bu gözəlliyi.
Belə bir gözəllik görməyib aləm,
Sən Allah, yolundan qalma, dayanma.
Səni sevdiyimə peşman deyiləm,
Çox sevdiyim üçün peşmanam amma.
Görmürsən, susmuşam, demirəm nəsə,
Mən səni qınasam, susub qalardım?
Məni də bu qədər sevseydi kimsə,
Mən də sənin kimi nankor olardım..
Qəlbimdə gizlədiyim…
Birini canından çox istəməyi,
Gizlədib qəlbində mənimsəməyi,
Mənə sən öyrətdin gülümsəməyi,
Mən sənsiz kiməsə gülərəmmi heç?
Utandım getdiyim yoldan, izimdən,
Özüm də incidim mən öz sözümdən,
Sən gedən zamandan getdim özümdən,
Gəlməsən özümə gələrəmmi heç?
Məni sən səslədin eşqə gəlməyə,
Günləri, ayları, ili bölməyə,
Biz ki söz vermişdik birgə ölməyə,
Hələ yaşayıram, ölərəmmi heç?
Əgər getmişəmsə, gəlməmişəmsə,
Zərrə utanmayıb ölməmişəmsə,
Sənin də qədrini bilməmişəmsə,
Nəyinsə qədrini bilərəmmi heç?
