RÖPORTAJ: Aytən Tunay (Qurbanova) 1📌 Əsərin müəllifi kimdir? Sizi bir az daha yaxından tanıya bilərikmi?

Mən Aytən Tunay (Qurbanova) 8 mart 2000-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olmuşam. İki elmi kitabın, eləcə də “Duyğular”, “Sükuta toxunanlar”, “Dəyərin Rəngi”, “Evimizdəki qonaq”, “Qırmızı köynəkli qız” kimi hekayələrin müəllifiyəm. 

2📌 Həyatınızda yazıçılıq yolunu seçməyinizə təsir göstərən əsas dönüş nöqtələri və hadisələr hansılar olub?

Yazıçılıq yoluna gəlməyimdə ailəmin və xüsusilə babamın böyük rolu olub. Babam, Azərbaycan şairi İbrahim Köçkün, mənim üçün həm örnək, həm də ilham mənbəyi olub. Bundan başqa, Mücrü Nəşriyyatındakı fəaliyyətim, eləcə də Müşfiq Xan və Xanım Anelanın dəstəyi yaradıcılıq yolumda inamımı daha da artırıb. 

3📌 Qələmə aldığınız ilk əsər hansı olub? Yazıçılıq yolunuz necə başlayıb?

İlk hekayəm “Duyğular” olub. Zamanla daxilimdəki hissləri, düşüncələrimi sözlərə çevirmək istəyim məni yazmağa bağlayıb. Mənim üçün yazmaq insanın özünü yenidən kəşf etməsidir. 

4📌 İlk əsərinizi yazarkən hansı hissləri yaşamısınız?

“Duyğular”ı yazan zaman çox fərqli hisslər yaşamışdım. O əsər sanki öz daxili dünyamın qapılarını yenidən açdı və məni özümə daha da yaxınlaşdırdı. 

5📌 Əsərlərinizdə tez-tez müraciət etdiyiniz mövzular və ya sizi əks etdirən obrazlar varmı?

Əsərlərimdə daha çox insanlıq, mənəvi dəyərlər, sevgi mövzularına yer verirəm. Mənə elə gəlir ki, insanı insan edən məhz bu hisslərdir. 

6📌 Yaratdığınız personajlarda özünüzdən izlər tapdığınız olurmu?

Bəli. Hər hekayəmi yazandan sonra ilk oxucu elə özüm oluram. Oxuyanda bəzən özümü personajların düşüncələrində yenidən tapıram. 

7📌 Bu günə qədər nəşr olunmuş kitablarınızdan qısa şəkildə bəhs edə bilərsinizmi?

İlk kitabım “Coğrafiya test toplusu”, ikinci elmi kitabım isə “Mədəni turizmin inkişafında Abşeron yarımadasında yerləşən tarix və mədəniyyət abidələrinin rolu ” adlanır. Bundan başqa, “Duyğular”, “Sükuta toxunanlar”, “Dəyərin rəngi” adlı hekayələrim də ədəbiyyat müsabiqələrində çap olunub. 

8📌 Bu kitablar sizin üçün nə məna daşıyır?

Hər iki kitab mənim üçün çox dəyərlidir. İnanıram ki, Azərbaycan elminə öz töhfəsini verəcək. Bədii əsərlərimin isə oxucuların qəlbində izi qoyacağına inanıram. 

9📌 Yazarkən sizə ilham verən nədir?

Yazmaq mənim üçün həm həyatdan zövq almaq, həm də onu daha dərindən dərk etməkdir. Ən böyük ilham mənbəyim həyatın özüdür.

10📌 Bir fikri yazıya çevirməyə sövq edən duyğu və ya məqam nə olur?

O an gələn cəsarət, duyğu, düşüncələr səni dayandırmır, yazmaq istəyirsən… 

11📌 Bir yazıçı kimi yaradıcılıq rutininiz necədir?

Özümü yazmağa heç vaxt məcbur etmirəm. Yazmaq istəyi gələndə yazıram. Çünki o zaman hisslərimi tam mənada daha yaxşı ifadə edə bilirəm, düşüncələrimi daha aydın qələmə alıram. 

12📌 Yazarkən riayət etdiyiniz xüsusi saatınız və ya ritualınız varmı?

Adətən daha sakit bir mühitdə yazmağa üstünlük verirəm. Xüsusilə axşam saatlarında, düşüncələrimlə baş-başa qaldığım zaman daha çox ilhamlanıram. 

13📌 Yaradıcılıq yolunda qarşılaşdığınız ən böyük çətinlik nə olub?

Mən hər zaman öyrənməyə çalışıram. Düşünürəm ki, çətinlik yoxdur, sadəcə öz üzərində işləmək lazımdır. İnanıram ki, özünə inandığın zaman heç nə sənin üçün çətin olmayacaq. 

14📌 Heç yazmaqdan imtina etməyi düşündüyünüz anlar olubmu?

Mənim üçün yazmaq bir hobbidir, zamanla həyatımda yazmağa da yer ayırıram. Buna görə heç vaxt düşünmürəm ki, bu yolda dayanım.

15📌 Əsərlərinizin əsas ideyaları və oxucuya çatdırmaq istədiyiniz mesajlar nələrdir?

Adətən yazdıqlarım əsərlərdə sevginin, mərhəmətin, dəyərlərin, vicdanın insan həyatında əvəzolunmaz bir zirvədə olduğunu xatırlatmaq istəyirəm. 

16📌 Oxucularınızın əsərlərinizin sonunda hansı düşüncə və ya hisslərlə ayrılmasını istəyirsiniz?

İstəyirəm ki, hər oxucu bir kitabı və ya hekayəni oxuduqdan sonra həyata daha böyük ümidlə baxsın. Öz qəlbində bir işıq tapsın. 

17📌 Sizcə, oxucular niyə məhz sizin əsərlərinizi oxumalıdır?

Çünki mən həyatı sevgi ilə, bir ümidlə, hisslərimlə yazıram. Yazmaq insanın ürəyini başqa bir ürəyə qonaq göndərmək kimidir. Ümid edirəm ki, hər oxucu əsərlərimi oxuduqdan sonra özündən bir parça tapa biləcək. 

18📌 Sizin yaradıcılığınızını digər yazıçılardan fərqləndirən nə ola bilər?

Hər yazıçının öz həyata baxışı, öz düşüncələri olur. Mənim hekayələrim də səmimiyyətimin və öz dünyamın əsəridir. 

19📌 Sonda, ədəbiyyat yolunda olan gənc yazıçılara və ya yazar namizədlərinə nə demək istəyərdiniz?

Özüm də bir gənc yazar olaraq demək istəyirəm ki, motivasiyanızı heç vaxt itirməyin və yazmaqdan qorxmayın. Yazdığınız hər əsər sizin bir parçanızdır. Hər zaman qələminizin gücünə inanın. 

20📌 Yazıçılıq yoluna yeni başlayanlara bir tövsiyə məktubu yazsaydınız, Onun ilk cümləsi nəcə olardı?

Ən gözəl hekayə hələ yazmadığın sözlərdə gizlidir. 

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir