“Ömrümə gül-çiçək əkən yaşımdır”
Emiliya İzzət Mənim yollarıma çıxan hər daşı,
Yığıb bir gözəl ev tikən yaşımdır.
Ömrümə yamaqtək yapışanları
Özüm öz əlimlə sökən yaşımdır.
Oturub-durmaram tale sözüylə,
Tanrıma güvənib dua gücüylə
Lap istər teziylə, istər geciylə
Fələyin əlini bükən yaşımdır.
Günəş də qısqansın parlaqlığımı,
Heç vaxt itirməyim şıltaqlığımı,
Keçirib saçımdan barmaqlarımı
Naz ilə çiynimə tökən yaşımdır.
Eybi yox, desinlər: ” Nə ərköyündür!” ,
“Ağlı havadadır, ağlı göyündür”,
Demə :”Ağır yeri, yol böyüyündür”,
Mənim ceyran təki səkən yaşımdır.
Nəğmələr oxuyub hey bülbül kimi,
Hörüb saçlarımı lap sünbül kimi,
Mənim dodağıma qızılgül kimi
Şövq ilə al boya çəkən yaşımdır.
Əsalı olsam da, itməsin nazım,
Nazı anasından qoy alsın qızım.
Sönməsin baharım, bitməsin yazım,
Ömrümə gül-çiçək əkən yaşımdır.
