ŞAMO
Çalışdığım məktəbin şagirdi, II Qarabağ müharibəsi şəhidi Məhərrəmov Şamoya həsr edilib
Şuşaya irəliləyir,
Azərbaycan ordusu.
Yoxdur bir azca belə,
Gözdə ölüm qorxusu.
Nə tank, nə top, nə barıt,
Nə zirehli texnika.
Ürəklərdə çox güclü,
Vətən eşqi, duyğusu.
Bir əsgər var burada,
Bir az cılız, bədənsiz.
Hamıdan öndə gedir,
Olacaqdan xəbərsiz.
Qırır erməniləri,
Vətən qisasın alır.
Bəzən elə bu anda,
Sanki xəyala dalır.
Anası, bacıları,
Durur gözü önündə.
Ömrünün ən son çağı,
Ömrünün son günündə.
Dırmaşır qayalara,
Çox cəld, çox da sürətli.
Bəlkə də, o hamıdan,
Cürətlidir, cürətli.
Düşmənlər yuxarıdan,
Güllələri yağdırır.
Bu güllələrdən biri,
Bədəninə sancılır.
Birdən yadına düşür,
Nə demişdi gələrkən?
Düşünmürdü həyatı,
Belə bitər çox erkən.
“Anam ağlayar deyə
qorxuram” – demişdi o.
Onu ağlatmamağa,
Axı söz vermişdi o…
Bu düşüncə içində,
Onu qan aparırdı.
Elə bil bədənində,
Fırtına qoparırdı.
Yavaş-yavaş yumurdu,
O məsum gözlərini.
Tuta bilmədi axı,
Verdiyi sözlərini.
…Günlər gəlib keçirdi,
Xəbər gəlmirdi ondan.
Ana narahat idi,
Ana yaman nigaran.
Bir zəngin səsiylə o,
Lap diksindi yerindən.
Birdən ağır ah çıxdı,
Qəlbinin dərinindən.
Bu xəbəri eşidən,
Atanın əli əsdi.
Sanki bir anda kimsə,
Nəfəsini də kəsdi.
Oğlu şəhid olmuşdu…
Qarabağ Azərbaycandır,
Şuşa bizimdir, Şamo.
Bu qələbə, bu uğur,
Sizin, sizindir, Şamo.
Ömrü Vətən yolunda,
Şam kimi əritdi o.
Yaddaşlara yazıldı,
Bizim qəhrəman Şamo.
Tarixlərə yazıldı,
Bizim qəhrəman Şamo.
Qəlbimizə qazıldı,
Bizim qəhrəman Şamo.
