“Evimizdəki qonaq” – Aytən Tunay (Qurbanova)
Günəş yenicə çıxırdı. Yaz səhərinin cikkildəşən quş səsləri ilə köhnə yazı makinasının tıqqıltısı sanki bir-biri ilə yarışırdı…
Maral gözlərini açan kimi həmin səsi eşitdi. Barmaqlarının ucunda, yavaş – yavaş babasının otağına tərəf getdi.
Qapı aralı idi.
Otaqda gördüyü mənzərə onu bir anlıq dayandırdı. Makinanın üzərində əlyazmalar bir neçə dəqiqədə fərqli yazılara çevrilirdi.
Babası Maralı görüb gülümsündü:
– Sabahın xeyir, Maralım… ceyranım.
Maral sevincək babasının üzərinə atılıb, onu qucaqladı:
– Sabahın xeyir, babaa..
Babası, Maralın saçını oxşayıb, onun alnından öpdü, sonra onu astaca yerə buraxdı.
Maral astadan soruşdu:
– Baba, sən hər gün nə yazırsan?
Baba:
– Qonaqlar üçün.
Maral düşündü.
– Nə vaxt gələcək o qonaqlar?
Babası bir anlıq susdu, sonra pəncərəyə baxdı:
– Gələcəklər…
Maral makinanın yanına keçib, gülümsədi:
– Baba, mənə bir söz verərsən?
Babası onun saçını sığallayıb, əli ilə yanağını göstərdi:
– Babanın bir yanağından öpsən, söz verərəm.
Maral gülümsəyərək, əli ilə buruq saçlarını gözünün önündən kənara itəliyib özünü şirincə babasının yanağından öpdü.
– Baba, olar mən də makinada sənin kimi şeir yazım?
-Yaxşı… mən bir şeir deyim sən də yaz.
-Axı mən hərfləri bilirəm, özüm də yazaram.
Babası gülümsəyərək kənara çəkildi. Maral stula qalxıb makinanın düymələrinə ehtiyatla toxundu. Kağızda əyri-üyrü hərflər göründü. O, balaca əlləri ilə diqqətlə yazmağa başladı.
Bir neçə dəqiqədən sonra vərəqi babasına uzatdı.
– Hazırdır, baba.. yazdım.
Babası ehtiyatla kağızı götürüb, baxdı. Vərəqdə cəmi bir cümlə yazılmışdı:
“Mən babamı çox sevirəm.”
Babası gülümsəyib, vərəqi qatlayıb, yavaşca siyirməyə qoydu.
İllər sonra
Son zəng günü idi, bu gün hamı çox həyəcanlıydı. Maral bu gün məktəbi bitirirdi.
Maral kürsüyə yaxınlaşıb şeiri səsləndirdi.
“Son zəng dilə gəlib, dinləyin, dostlar,
Ayrılıq hökmünü car edir bu gün.
Onun da səsində duyun, kədər var!
Həsrəti, vüsalı tükənmir ömrün.
İlk zəngin səsini dinləyəndə mən
Sanırdım ömrümə ilk bahar gəlir.
Doqquz ay keçibdir artıq o gündən,
İndisə ayrılıq, intizar gəlir.”
Hər kəs Maralı alqışladı. Ancaq onun nəzərləri hər kəsin içində bir nəfəri axtarırdı.
Babası görünmürdü…
Artıq neçə il idi ki, onun yazı makinası susmuşdu.
Son zəng tədbiri bitdi. Maral evə qayıtdı.
Otaqlar əvvəlki kimi idi. Pəncərədən günəş işığı düşürdü. Küncdə isə köhnə yazı makinası dayanırdı.
Maral masaya yaxınlaşdı. Siyirməni açanda, orada saralmış bir zərf gördü. İçərisində babasının xətti ilə yazılmış məktub vardı. Bu həmin kağız idi, illər öncə yazdığı vərəq. Ardınca yazılmışdı:
“Əziz Maralım,
Yazmaq insanın ürəyini başqa bir ürəyə qonaq göndərməsidir… Bu sözlər mənim ömrümün ən gözəl şeiri oldu. Çünki ən gözəl əsərlər sevgi ilə yazılır.”
Maral məktubu sinəsinə sıxdı.
Pəncərədən əsən külək otaqda pərdəni astadan yelləndirdi.
Köhnə yazı makinasının bir düyməsi yüngülcə tərpəndi.
Sanki illər sonra yenidən yazmağa başlamışdı.
Maral göz yaşları içində gülümsədi. Həmin an anladı ki, əslində evlərindəki qonaq heç vaxt getməmişdi…
(İbrahim Köçkünün əziz xatirəsinə…)

