RÖPORTAJ: Reyhan Yusif (Şıhlı)

1-Eser sahibi kimdir? Sizi yakından tanıyabilir miyiz?

 Reyhan Yusif (Şıhlı). Noyabr ayında, çiskinli bir gündə doğulmuşam. Atam riyaziyyatçı, anam  rus dili müəllimi idi. İlk müəllimlərim elə valideynlərim olub.

Bakı Dövlət Universitetində riyaziyyatın yeni sahələrini, texnologiyalarla bağlı nəzəriyyələri tədris edirəm. Yüzlərlə, minlərlə tələbə qarşısında mühazirələr oxumuşam. Müəllim, eyni zamanda yazaram. İxtisasım bədii yaradıcılığıma bilavasitə təsir edir. Elmi-kütləvi kitablar, elmi-fantastika janrında əsərlər yazmaq üçün kifayət qədər bilik bazamın olmasından istifadə edirəm. Həm uşaqlar, həm də gənclər üçün ən müxtəlif mövzularda və janrlarda əsərlərim var.


2-Yazarlığa adım atmanızda ki asıl kırılma noktası ne oldu?

Uşaq ədəbiyyatına başlamağıma səbəb qızlarım oldu. Onlar lap kiçik yaşlarından danışdığım hekayələri çox sevirdilər. 9-10 yaşlarında artıq dünya uşaq ədəbiyyatının böyük hissəsini oxumuşdular və öz yaşıdları haqda, öz həyatlarına yaxın olan müasir milli əsərlər istəyirdilər. Beləliklə, onlar üçün yazmağa başladım…

3-Sizi ilk kez kalemi elinize almaya iten özel bir an var mıydı?

Uşaqlıqdan, özümü tanıyandan yazıram. İlk kez nə yazmağımı xatırlamıram. Əvvəllər bunu hobbi hesab edirdim, özüm üçün yazırdım. Sonralar professional yazıçı oldum. 

4-Çocukluğunuzdaki veya gençliğinizdeki okuma alışkanlıklarınızın bugünkü yazım dilinize ve üslubunuza nasıl bir etkisi oldu?

 Çox böyük etkisi oldu. Uşaqlıqdan mütaliəni sevirdim. Evimizdəki kitabxanada azərbaycan, rus və ingilis dillərində xeyli kitab var idi. Çoxunu oxumuşdum. Mütaliəmiz nə qədər geniş, dünyagörüşümüz, biliklərimiz nə qədər dərindirsə, yazdıqlarımız da o qədər dəyərlidir. Əlbəttə, buraya yazıçının xəyal gücü, nəqletmək qabiliyyəti, dili   də əlavə olunur.

5-Hangi deneyimlerden sonra yazar olmaya karar verdiniz?

Heç vaxt belə bir qərar verməmişəm. Müntəzəm olaraq yazmağa başlayandan sonra bir də gördüm ki, məni sevən oxucu kütləm var… Çox sonralar özümü yazar hesab elədim.

6-İyi bir yazar olmanın şartları nelerdir siz bu yolda nasıl bir yöntem izlediniz?

Hesab edirəm ki, müasir uşaqların nəbzini tutmağı bacarmaq lazımdır. Əks halda yazmağa davam etməyə dəyməz. Uzun illər müəllimlik fəaliyyəti ilə məşğul olmağım uşaq və yeniyetmələrin dünyasını anlamağa kömək edir. Onların dilini yaxşı bilirəm. Uşaqlar üçün bir çox janrlarda və fərqli mövzularda yazmışam. Ümumiyyətlə, hesab edirəm ki, uşaqlar üçün istənilən mövzuda yazmaq olar, hətta lazımdır. Eksperimentdən keçirdiyim mövzular da olub və hamısı alınıb. Kitablarım tez satılır və təkrar-təkrar nəşr olunur. Kitablarımın ümumi tirajı 70 mini keçib artıq. Oxucularım çoxdur.

7-Kaleme aldığınız ilk kitap nedir ve varsa diğer kitaplarınız nelerdir?

İlk kitabım “Bir gün dərsdən sonra” (“Araz” nəşriyyatı, Bakı-2004, 32 səh.) uşaqlar üçün hekayələr kitabıdır. Bundan sonra yüzdən çox povest və hekayə, nağıl və poema, elmi-kütləvi və elmi-fantastik kitablar, macəra kitabları yazmışam . Daha çox uşaq yazıçısı kimi tanınıram. Orta məktəb dərsliklərində bir sıra əsərlərim tədris edilir. Mütəmadi olaraq məktəblərdə görüşlər, kitab evlərində təqdimat və imza günləri keçirirəm.

Azərbaycan uşaq ədəbiyyatında ilk dəfə elmi-fantastik trilogiya yazmışam: “Yaşıl gözlü qız”, “Zamanın əsirləri” və “Uzaq planetin sirri”.  Həmçinin, süni intellektə həsr olunmuş “Dostum Mimi” əsərinin müəllifiyəm. Kitablarım xarici dillərə tərcümə olunub. Altı adda kitabım türk dilinə uyğunlaşdırılıb və Türkiyədə nəşr olunub.

Əslində böyüklər üçün, xüsusilə  də gənclər üçün yazdığım hekayələr də az deyil. Onların çoxunu “Yağışın altında” adı ilə bir kitaba yığmışam. Böyüklər üçün ilk kitabım sayıla bilər…

8-Kitaplarınızdaki konuları yazmaya yönlendiren en önemli etken ya da etkenler nelerdir?

Uşaq və yeniyetmələr üçün əsərlərə tələbat çoxdur. Bu sahədə xeyli boşluqlar var. Nəşriyyatlar uşaqlar üşün keyfiyyətli əsərləri həvəslə çap edir. Hazırda kompüter erasında yaşadığımız üçün övladlarımızı yeni texnologiyadan xəbərdar etməliyik. Yeni texnologiyalar bilavasitə mənim ixtisasım olduğu üçün bu mövzuda yazmağı özümə borc bilirəm. Kainat necə qurulub, kosmos nədir, başqa planetlərdə yaşayış varmı, gələcəyimiz nəyə bağlıdır? Bu kimi suallara cavabı uşaqlar mənim kitablarımda tapa bilərlər.  

9-Hikâyeyi kurgularken karakterlerinizin kaderini önceden tamamen planlıyor musunuz, yoksa yazım sürecinde karakterlerin kendi yollarını çizdiği oluyor mu?  

 Mövzunu seçirəm, amma süjeti əvvəlcədən tamamilə planlamıram. Yazarkən improvizasiya etməyi xoşlayıram. Hadisələr özümün də gözləmədiyim istiqamətə yönələ bilir.

10-Size ilham veren şeyler nelerdir?

Oxucularım. Onların gözlərində gördüyüm sevgi, təbəssüm. Onların qəfil, gözlənilməz sualları. Oxucularımla hər görüşüm mənə bir az daha ilham verir.

11-En çok hangi dönemlerde üretken oluyorsunuz ve yazma konusunda sizi en çok motive eden şey nedir?

 Universitetdə işlərimin imkan verdiyi qədər yazıram. Ən böyük arzum yeniyetmələrin intellektini yüksəltmək, oxucularımın dünyagörüşünü artırmaq, onları həm əyləndirmək, həm öyrətməkdir. İşimin nəticəsi məni motivə edir.

12-Okuyucular neden sizin kitabınızı okumalı?

Təkcə mənim kitabımı deyil. Müntəzəm mütaliə etməyi həyat tərzinə çevirməliyik. Uşaq lap körpəlikdən kitablarla dost olmalıdır. Əgər belə olmayıbsa, oxumağa başlamaq heç vaxt gec deyil. 40, 50 yaşından sonra mütailəyə  başlayan adamlar tanıyıram. Deyirlər, nə yaxşı ki, bu aləmi özümüz üçün kəşf etdik. Əlbəttə, oxumadan da yaşamaq olar. Televizor, telefon olmayanda da həyat vardı, amma bunlar kəşf olunanadan sonra həyatın keyfiyyəti dəyişdi. Eləcə də, oxuduqca, sən başqa adam olursan – daha keyfiyyətli, daha maraqlı. Oxumaq üçün kitabları düzgün seçmək şərti ilə…

13-Kitap ya da kitaplarınızdaki ana fikirler ve vermek istediğiniz mesajlar nelerdir?

Uşaqlara təqdim etdiyimiz ədəbiyyata daha məsuliyyətli, daha ciddi baxmalıyıq. Axı biz uşaqları formalaşdırırıq, onları vətəndaş kimi yetişiririk, onlara hansısa mesajlar ötürürük. Üstəlik bu işi onları bezdirmədən, əyləncəli şəkildə, ustalıqla eləməliyik. Həyatı olduğu kimi, sadə dildə təsvir edirəm, uşaq özü mesajını alır.

14-Yazar olmanın ve yazmanın sizin için zor yanları nelerdir, bunlarla nasıl başa çıktınız?

 Mən uşağın başını aldatmamağın, real həyatı ona olduğu kimi göstərməyin tərəfdarıyam. Bir çox nəşriyyatlar uşaq ədəbiyyatının mövzularını məhdudlaşdırır. Mənsə qərarlıyam ki, uşağa hər mövzuda yazmaq olar və lazımdır. Reallıq nə qədər acı, hətta bəzən qəddar olsa da, onu uşağa göstərməyin bir formulu var. Əlbəttə, yaş qrupu hökmən nəzərə alınmalıdır, uşağı qorxutmaq, diksindirmək qətiyyən olmaz. Amma müasir dövrdə istənilən informasiyanın – müharibələr, zorakılıqlar daxil olmaqla, əlçatan olduğu bir vaxtda uşağı bunlardan xəbərsiz, çəhrayı dünyada böyütmək nə dərəcədə doğrudur? O bilməlidir ki, pis əmilər və pis əməllər də var. “Qapı arxasında o” kitabında mən məhz bunu eləməyə çalışmışam: böyükləri özlərinə uşaqların gözü ilə göstərmişəm.

15-Yazar tıkanıklığı yaşadığınızda bu durumun üstesinden nasıl geliyorsunuz?

Belə hallarda digər fəaliyyət sahələrimlə məşğul oluram. Mütaliə, musiqi, səyahət çox iyi gəlir.

16-Kitaplarınızı kitlelere ulaştırmak, kendinizi tanıtmak ve düşüncelerinizi insanlara anlatmak için ne gibi organizasyonlar yapıyorsunuz?

Bu işi əsasən nəşriyyatlar görür. Müntəzəm olaraq məktəblərdə, kitab evlərində, sərgilərdə oxucularımla görüşürəm.

17-Kitap fuarlarındaki okur-yazar buluşmalarının sizin için önemi nedir, bu etkinliklerin size ve okuyucuya ne gibi katkılar sağladığını düşünüyorsunuz?

Fikrimcə, kitab fuarlarında oxucularla canlı ünsiyyət, onların fikirlərini dinləmək, suallara cavab vermək və kitab imzalamaq hər yazar üçün olduqca maraqlıdır və oxucunu daha da həvəsləndirir.

18-Şu an üzerinde çalıştığınız yeni projeleriniz ve keşfetmek istediğiniz yeni projeleriniz var mı?

Bəli, üzərində çalışdığım bir neçə proje var. İcazənizlə, bu haqda açıqlama verməyəcəyəm.

19-Okuyuculardan aldığınız, sizi en çok duygulandıran ya da şaşırtan geri dönüşler nelerdir?

Demək olar ki, hər gün məni şaşırdan mesajlar alıram. Ağıllı, tələbkar, səviyyəli oxucuların çoxluğu böyük xoşbəxtlikdir. Nağıl qəhrəmanlarının gələcək taleyi haqda fikirlər söyləyir, yeni süjetlər təklif edirlər. Çox maraqlıdır. Əlbəttə, indi texnologiya dövründə yaşayırıq. Amma kitabı texnologiyaya qarşı qoymaq düzgün deyil. Hər ikisi uşağın intellektinin inkişafına xidmət edir. Onları birləşdirmək, kitabın təqdimatında texnologiyadan istifadə etmək lazımdır. Qoy uşaq kitabdakı personajları cizgi filmlərində görsün. Sevdiyi qəhrəmanlarla oyun oynasın.

20-Edebiyat yolculuğunun başında olan yazar adaylarına ne gibi tavsiyelerde bulunmak istersiniz?

Çox oxusunlar, mütaliə etsinlər. Geniş dünyagörüşü, yüksək intellekt oxunan yazar olmağın qarantisidir.   Hər kəs öz intellektini aşmayan əsərlər yaza bilir.

Müasir uşaqlarda kitab və mütailəyə sevgi yaratmaq üçün yaxşı yazmaq lazımdır! Bizim qəhrəmanlarımız dünyada məşhurlaşmış nağıl qəhrəmanları ilə rəqabətə girməyi bacarmalıdır. Bizim əsərlərin milli koloriti əks etdirmək kimi bir üstünlüyü də var. Uşaqlarımız bizim kitabları oxuyanda özlərini, öz həyatlarını görür və hadisələri daha yaxşı başa düşürlər.

Bu gün uşaq ədəbiyyatımızın layiqli nümunələri kifayət qədər var, yazılmaqda davam edir. Geridə qaldığımız məqam isə bu nümunələri tapıb üzə çıxarmaq, təbliğ etmək, buktreylerlər çəkmək, başqa dillərə tərcümə etməkdir. Biz balalara həyatın cürbəcür modellərini göstərir, onları həm əyləndirir, həm öyrədirik. Bu gün dünyada tanınmış əsərləri, uşaq ədəbiyyatı nümunələrini oxumaq, qiymətləndirmək, müqayisə etmək imkanı var.

Yazar adaylara səbir və uğurlar arzulayıram.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir